“Başa düşürəm ki, koronavirus pandemiyası üzündən təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunları gələn il baş tutmasa ləğv olunmalıdır. Yerli təşkilatçılar bəyan ediblər ki, onların növbəti təxirəsalma üçün ehtiyat planı yoxdur”.

Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib.

Almaniyalı funksioner koronavirus pandemiyası üzündən təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunları barədə fikirlərini açıqlayıb: “Daim Təşkilat Komitəsində 3000-dən 5000-dək əməkdaş saxlamaq olmaz. Yarışın yenidən təşkili ilə bağlı nəhəng işlər görülüb. Hər dəfə bütün federasiyalar ilin təqvimini dəyişə bilməz. İdmançılarda bu qədər qeyri-müəyyənlik qala bilməz. İdmançılar Olimpiadanın keçiriləcəyinə əmin olmalıdır”.

Qurum rəhbəri yarışın tamaşaçısız keçirilmə ehtimalına da toxunub: “Bu, bizim istədiyimiz deyil. Çünki Olimpiya ruhu bütün azarkeşləri birləşdirməkdən ibarətdir. Tamaşaçısız keçiriləcəyi halda, Oyunlar tam başqa olacaq. Amma ümid edirəm ki, tarixə təxirə salınan ilk Olimpiada kimi düşən yarış unikal alınacaq və dünyanın həmrəylik mesajı olaraq koronavirus üzərində qələbəni tərənnüm edəcək”.

Bax qurumun əsas prinsipini də açıqlayıb: “Biz bir prinsip müəyyənləşdirmişik. Oyunları bütün iştirakçılar üçün təhlükəsiz şəkildə keçirmək. Heç kim bilmir ki, iki ay sonra necə olacaq. Son qərar üçün mənə vaxt verin. Ümumdünya Səhiyyə Təşkilatı və idmançılarla məsləhətləşmələri davam etdiririk”.

Komitənin prezidenti Tokio-2020-nin təxirə salınması qərarının niyə gec verilməsinə də aydınlıq gətirib: “Hadisələr o qədər sürətlə inkişaf edirdi ki, biz sabah nə olacağını bilmirdik. Ona görə də hər gün məsləhətləşmələr aparırdıq. Biz yarışı əvvəldən ləğv də edə bilərdik. Pulumuzu sığorta vasitəsilə alıb və Paris-2024-ün hazırlığına başlayardıq. Amma bu, real variant deyildi. Çünki bu addım idmançıları unikal olimpiya təcrübəsindən məhrum edərdi”.

Bax koronavirus pandemiyası üzündən dayandırılan çempionatlardan birinin - Almaniya Bundesliqasının bərpasına sevindiyini bildirib: “Ötən həftəsonu tamaşaçısız da olsa bərpa olunan çempionat məni xoşbəxt etdi. İndi digər növlərin də qayıtmasını istəyirəm. Lakin digər tərəfdən bu nəhəng stadionlarda qəribə durumda – boş tribunalar önündə oynayan futbolçulara hisslərini başa düşürəm. Ümid edirəm ki, bu ilk addımdır. İdman cəmiyyətin digər sahələri qaydalara hörmət etməlidir. Biz sonradan da yavaş-yavaş qayıda bilərik”.

Bax dünya ölkələrinin hökumətlərini koronavirus üzündən maliyyə çətinlikləri ilə üzləşən idmana kömək üçün mümkün hər şeyi etməyə çağırıb: “Birincisi, idmana yatırım sağlamlıq üçün önəmlidir. Hamı başa düşür ki, gələcəkdə biz sağlamlığa daha çox konsentrasiya olacağıq. İkincisi, idman cəmiyyətin inkişafına yardın edir. Üçüncüsü, idman çox vacib iqtisadi amildir. Avropadakı bütün iş yerlərinin 3 faizi idmanla bağlıdır. Buna görə də hökumətləri idmana hörmət etmək və onun rolunu qəbul etməyə, onu öz bərpa proqramlarına daxil etməyə çağırırıq”.